Azərbaycan Prezidenti Administrasiyası Milli Məclisə (parlament) 2013-cü il üçün dövlət büdcəsinin layihəsini təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Layihəyə əsasən, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri - 19 mlrd. 154 mln. manat, xərcləri – 19 mlrd. 810 mln. manat, kəsiri – 656 mln. manat və ya ÜDM-nin 1,17%-i səviyyəsində proqnozlaşdırılır.
Gəlirlər strukturunda Vergilər Nazirliyi xətti ilə daxilolmalar 6,4 mlrd. manat, Dövlət Gömrük Komitəsi xətti ilə - 1,38 mlrd. manat, Dövlət Neft Fondundan transfertlər – 11,35 mlrd. manat, digər gəlirlər – 24 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, gəlirə vergi üzrə daxilolmalar - 2 mlrd. 279 mln. manat, ƏDV - 2 mlrd. 768,6 mln. manat, fiziki şəxslərdən gəlir vergisi – 783 mln. manat, aksiqzlər – 594 mln. manat, yeraltı sərvətlərə vergi – 121 mln. manat, gömrük vergisi – 285,4 mln. manat, sadələşdirilmiş vergi – 117 mln. manat səviyyəsində proqnozlaşdırılır, qalan – digər vergi və daxilolmaların payına düşür.
Xərclər strukturunda gələn il təhsilə 1 mlrd. 530,365 mln. manat, səhiyyəyə - 666,276 mln. manat, sosial müdafiə və sosial təminata – 1 mlrd. 813,581 mln. manat, mənzil-kommunal təsərrüfatı sektoruna – 399,079 mln. manat yönəldiləcək.
2013-cü il üçün dövlət kapital qoyuluşları 6 mlrd. 915,2 mln. manat, dövlət borcunun ödənilməsi – 780,7 mln. manat proqnozlaşdırır, qalanı – digər xərclər təşkil edir.
2013-cü il üçün Azərbaycanın dövlət büdcəsi bir barrel üçün neftin qiymətinin $100 səviyyəsindən nəzərdə tutulur.
2012-ci il üçün Azərbaycanın dövlət büdcəsi 17 mlrd. 38 mln. manat, xərcləri – 17 mlrd. 672 mln. manat səviyyəsində təsdiq edilib. Dövlət büdcəsi 634 mln. manat və ya ÜDM-nin 1,3% səviyyəsində proqnozlaşdırılır.