Milli Məclisin (parlamentin) spikeri Oqtay Əsədov Prezident İlham Əliyevin “BP” şirkətinin ünvanına səsləndirdiyi tənqidi siyasiləşdirməməyə çağırıb.
“Mətbuata göz gəzdirərək təəssüf hissi ilə qeyd etməliyəm ki, yerli və xarici nəşrlər zamanında edilən qeydləri siyasiləşdirməyə çalışırlar. Üzr istəyirəm, lakin bəziləri müqaviləyə dair anlayışları olmadığı halda savadsız məqalələr yazır”, - deyə O.Əsədov çərşənbə axşamı palamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısı qeyd edib ki, “BP” artıq 3 ildir neft hasilatı üzrə proqnozlara riayət etmir (Azəri-Çıraq-Günəşli yataqları blokundan – İF-Az) və “Prezident bildirib ki, bu savadlı mühəndisləri olan iri şirkətdir. Əgər onlar düzgün proqnoz verə bilmirsə, o zaman onları yeni mütəxəssislərlə əvəz etmək və öhdəlikləri yerinə yetirmək lazımdır”.
O.Əsədov əlavə edib ki, “BP”-nin ünvanına səslənən tənqid şirkətin Azərbaycan qarşısında öhdəliklərini həyata keçirməməsi ilə əlaqədardır. “Burada heç bir siyasi kontekst yoxdur. Heç kim təhqir edilməyib. Azərbaycan hüquqlarını qoruyur və şou yaradılması və bu məsələnin siyasiləşdirilməsi heç bir azərbaycanlı vətəndaşa hörmət gətirmir. Burada sevindirici heç bir şey yoxdur. Azərbaycanda neft hasilatı mövcuddur və yüksək səviyyədə olacaq. “BP”-yə son xəbərdarlıq edilib və öhdəliklərini yerinə yetirəcək”, - deyə O.Əsədov vurğulayıb.
Spiker deputatlardan artıq bu məsələni siyasiləşdirməməyi xahiş edib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən çərşənbə günü Nazirlər Kabinetinin geniş tərkibli iclasında bəyan edib ki, Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft hasilatının həcminin azalması layihənin operatoru olan “BP” şirkətinin fəaliyyətində yol verdiyi nöqsanların nəticəsidir.
Onun sözlərinə görə, AÇG blokunda neft hasılatı ilə məşğul olan ABƏŞ konsorsiumu kobud səhvlərə yol verib. Nəticədə, son illər ərzində AÇG blokundan neft hasilatı kəskin şəkildə azalmağa başlayıb.
Bununla yanaşı, İ.Əliyev qeyd edib ki, söhbət ondan getmir ki, AÇG blokunda neft hasilatı pik səviyyəsinə çatıb və indi təbii tənəzzül prosesi yaşanır. “Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir”, - deyə dövlət başçısı əlavə edib. Eyni zamanda o vurğulayıb ki, 2009-2012-ci illərdə proqnozlar yerinə yetirilmədiyinə görə Azərbaycanın əldə edilməyən gəliri $8,1 mlrd. təşkil edib.
“Ötən ay “BP” tərəfindən mənə rəsmi qaydada söz verilib ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Vəziyyətin ürəkaçan olmadığı etiraf edilib. Mənə verilən vədlər ondan ibarət olub ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Lakin həmin vaxtdan bu günə qədər, təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Bu səbəbdən, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. SOCAR şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün”, - deyə İ.Əliyev bildirib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından 1997-ci ilin noyabr ayından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprel ayının əvvəlindən neft hasilatına başlanılıb.