Qazax rayon Mədəniyyət və Turizm İdarəsinin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılıb. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan inventarlaşmalar zamanı çatışmamazlıqların olduğu aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.