Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun vətənə, xalqa müstəsna xidmətlərə görə “Vətən övladı” qızıl medalı ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-dən məlumat verilib.
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılovu qəbul edib. E.İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə Şeyxülislama məlumat verib. O A.Paşazadənin islam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilir.
A.Paşazadə öz növbəsində yüksək mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.
A.Paşazadə - “Dədə Qorqud” Fondunun qızıl medalına layiq görülən ilk dini xadimdir.
“Vətən övladı” medallına layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər var.