Azərbaycanın dövlət başçısı İlham Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkilərində problem olmadan növbəti müddətə seçiləcək. Avstriyanın Bakıdakı səfiri Silviya Mayer-Kibiç belə hesab edir.
"İlham Əliyev Azərbaycan əhalisinin böyük etibarına və hörmətinə malik şəxsiyyətdir, buna görə də mən qarşıdan gələn prezident seçkilərində böyük dəyişikliklər gözləmirəm", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan səfir qeyd edib ki, Avstriya ATƏT-in Minsk qrupunun səylərini birmənalı şəkildə dəstəkləyir.
O həmçinin Avstriya prezidenti Haynts Fişerin səfərini xatırladıb və deyib ki, Azərbaycanın dövlət başçısının Avstriyaya səfəri haqqında danışıqlar aparılır.
"Ola bilsin ki, İ.Əliyev 2013-cü ilin payızında Vyanaya səfər etsin", - deyə o səfir bildirib.
S.Mayer-Kibiç vurğulayıb ki, ötən ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi 134 mln. manat təşkil edib. Onun sözlərinə görə, cari ilin 9 ayı üzrə ilkin məlumatlar bu göstəricinin əhəmiyyətli dərəcədə artdığını göstərir.