Azərbaycan Hökuməti və Dünya Bankı “İkinci Kənd İnvestisiya Layihəsi”nin (AzRIP-2) həyata keçirilməsinə dair $30 mln. dəyərində kredit sazişi imzalayıb. Bu barədə Kənd Təsərrrüfatı Nazirliyinin məlumatında deyilir.
Sazişi kənd təsərrüfatı naziri İsmət Abbasov və DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko imzalayıblar.
Layihənin ümumi dəyəri $53,6 mln. təşkil edir, bunun $30 mln.-u DB-nin krediti, $23,6 mln.-u – Azərbaycan Hökumətinin payıdır.
Layihə beş əsas zonada fəaliyyət göstərəcək: Düzən-Şirvan, Muğan-Salyan, Naxçıvan, Şimal, Şimal-Qərb. Ümumilikdə, ikinci layihə Azərbaycanın 56 rayonunu əhatə edəcək.
Layihə üç komponentdən ibarətdir - kənd yerlərində icma infrastrukturları, kənd infrastrukturlarına texniki dəstək, eləcə də layihənin idarə edilməsi və nəticələrinin monitorinqi.
İkinci layihənin 2012-2017-ci illərdə həyata keçirilməsi nəzərdə tutulub.
Xəbər verildiyi kimi, layihənin məqsədi icmaların kənd infrastrukturuna çıxışının yaxşılaşdırılması və kənd yerlərində iqtisadi fəaliyyətin genişləndirilməsidir. Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda təxminən 1,5 mln. kənd sakini infrastruktura və sosial xidmətlərə daha yaxşı çıxış əldə edəcək.
Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri əsasında ayrılır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə DB Azərbaycana 43 layihənin reallaşdırılması üçün $3,1 mlrd. məbləğində kredit verib.