Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aldığı qızılın ölkəyə idxalı ƏDV ödənişindən azad edilib. Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir. Qərar hökumətin saytında dərc edilib.
Nazirlər Kabineti Azərbaycana idxalı ƏDV ödənişindən azad edilmiş malların siyahısını genişləndirib. Bu siyahıya ARDNF-in aldığı və fondun aktivlərində yerləşdirilmək üçün respublikaya idxal edilən qızıl da daxil edilib.
Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti ARDNF, İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifini nəzərə alıb.
Xəbər verildiyi kimi, 2012-ci ildə ARDNF 10 ton qızıl alıb. Bundan başqa, 2012-ci ilin sonuna kimi fond daha 5 ton qızıl almağı planlaşdırır. Ümumilikdə, ARDNF 2012-2013-cü illərdə 30 ton qızıl almağı planlaşdırır.
Neft Fondunda neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.