Litvanın Cənubi Qafqaz üzrə hərbi attaşesi Daius Kailius hesab edir ki, rəsmi Bakı və Vilnüs arasınmda hərbi-texniki sahədə münasibətlər möhkəmdir.
“Litva ilə Azərbaycan arasında hərbi-texniki əlaqələr kifayət qədər möhkəmdir. Ölkələrimiz arasında bu sahədə əldə edilən əməkdaşlıq çərçivəsində ikitərəfli texniki planlar hər il yenilənir. İki ay öncə Azərbaycan və Litvanın müdafiə nazirləri Səfər Əbiyev və Rasa Yuknyaviçene yeni saziş imzalayıblar. Düşünürəm ki, bu planların mövcudluğu əməkdaşlığın son dərəcə geniş olduğunu və hər iki ölkəyə lazım olduğunu göstərir. Bu istiqamətdə qarşılıqlı fəaliyyət daha da dərinləşəcək”, - deyə D.Kailius Bakıda jurnalistlərə bəyan edib.
“İki ölkə arasında imzalanan hərbi əməkdaşlıq sazişi kiçik zabit və serjant heyətinin hazırlanmasını da nəzərdə tutur. Litva Hərbi Akademiyası hər il ingilis dili üzrə təlim kurslarına tələbələr qəbul edir. Bu il nazirlər razılaşıblar ki, ən yüksək səviyyədə Azərbaycan nümayəndələri Litvaya təlimə dəvət ediləcəklər”, - deyə podpolkovnik D.Kailius əlavə edib.
Onun sözlərinə görə, Litva ilə Azərbaycan arasında NATO çərçivəsində ikitərəfli saziş imzalanmayıb. Lakin, gələn il bu təşkilatla əlaqədar bəzi texniki məsələlər daxil ediləcək. Həmçinin hərbi-tibbi və mühəndis-istehkamçı hazırlığı kurslarında iştirak məsələsi müzakirə olunacaq.
Cari il sentyabrın 17-də Azərbaycan və Litvanın müdafiə nazirləri Səfər Əbiyev və Rasa Yuknyaviçene arasında keçirilən görüşdə ikitərfli müdafiə əməkdaşlığı, regional təhlükəsizlik, beynəlxalq əməliyyatlarda iştirak məsələləri müzakirə olunub. Tərəflər öncə imzalanan əməkdaşlığa dair sazişi yeniləyiblər. İlk saziş ölkələr arasında 2002-ci ildə imzalanıb.
Litva və Azərbaycan hərbi əməkdaşlıq sahəsində hərbi təlimlərdə müşahidəçilərin iştirakına önəm verirlər, həmçinin təhlükəsizlik və müdafiə sahəsində NATO və Aİ-nin Şərq tərəfdaşları ilə əməkdaşlığının genişlənməsinə kömək edirlər.
Azərbaycan və Cənubi Qafqaz ölkələrinin Litva Hərbi Akademiyasında keçirilən hərbi və hərbi-tibbi hazırlıq kurslarına qoşulmaları mümkündür. Azərbaycanlı zabitlər Tartu şəhərində (Estoniya) Baltik Müdafiə Kollecində təhsil ala bilərlər. Milli hərbi ekspertlər standartlar, ictimaiyyətlə əlaqələr, beynəlxalq əməliyyatlarda iştirak və s. məsələlərdə mütəmadi məsləhətləşmələr apara bilərlər.
Litva hər zaman bu ölkədə keçirilən hərbi təlimlərdə müşahidəçi qismində iştirak etmək üçün azərbaycanlı zabitləri dəvət edir.