Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
“Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyirəm”, - deyə A.Paşazadənin QMİ tərəfindən yayılmış təbrikində bildirilir.
Təbrikdə qeyd olunur ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.
“Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-təalaya dualar edirik. Bu mübarək günlərdə Şeyxülislam olaraq Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!", - deyə təbrikdə bildirilir.