Bir müddət əvvəl “Alfa Sığorta” ASC nizamnamə kapitalının artırılması ilə bağlı təsisçisi olan “Bank Technique” ASC-ya müraciət etmişdir. “Bank Technique” ASC – nın rəhbərliyi bu müraciətə müsbət münasibətini bildirərək, “Alfa Sığorta” ASC-nın nizamnamə kapitalının 2 mln. manat məbləğində artırılması və beləliklə şirkətin nizamnamə kapitalının ümumi məbləğini 6.75 mln. manata çatdırılması barədə qərar qəbul etmişdir. Nizamnamə kapitalının artırılması şirkətin 100% təsisçisi olan “Bank Technique” ASC tərəfindən kapital qoyuluşu hesabına həyata keçirilmişdir.
AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AZ100100877 nömrəsi ilə qeydiyyata alınmış səhmlərin emissiya prospektinə əsasən, nizamnamə kapitalının artırılması hər birinin nominal dəyərinin 1.000 (bir min) manat olan cəmi 2.000 ədəd adi, adlı sənədsiz səhmlərinin buraxılışı yolu ilə həyata keçirilmişdir. Bununla bağlı, AR Vergilar Nazirliyi tərəfindən “Alfa Sığorta”ASC-nın nizamnaməsində edilmiş müvafiq dəyişikliklərin qeydiyyata alınması haqqında 18 oktyabr 2012-ci il tarixli 1201020026196800 nömrəli Dövlət Reyestrindən Çıxarış şirkətə təqdim edilmişdir.
Bununla da, “Bank Technique” ASC-nın sahibliyində olan səhmlərinin ümumi sayı artıq 6.750 ədəd (100%) təşkil edir.
Xatırladırıq ki, nizamnamə kapitalı artırılmamışdan öncə şirkətin nizamnamə kapitalı 4.75 mln. manat təşkil edirdi.