Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Cennet-M” MMC-yə məxsus “Cənnət” şadlıq evində bir sıra qanun pozuntuları aşakarlayıb. Bu barədə komitənin məlumatında bildirirlir.
Şadlıq evində araşdırmalar zamanı müəyyən olunub ki, , müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələbləri pozularaq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur. Anbara baxış zamanı 15 ədəd 3 litrlik balonlarda mənşəyi məlum olmayan, üzərində istehsal tarixi yazılmayan müxtəlif turşular (xiyar, zeytun, kələm) aşkar edilib.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında şadlıq evində hazırlanmış "paytaxt" salatı və "lülə kabab" üçün ət qiyməsindən götürülmüş nümunələrin sınaqları nəticəsində hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və "S.aureus" mikroorqanizmləri müəyyən oluub.
Faktla əlaqədar olaraq inzibati protokol tərtib olunaraq cərimə edilib, "Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində "paytaxt" salatının və "lülə kabab" üçün yarımfabrikat - "ət qiyməsi"nin hazırlanması və satışı qadağan olunub.