Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) 2013-cü ildə MAZ avtobuslarının yığılmasına başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Belarusun baş nazirinin birinci müavini Vladimir Semaşko İB-də olarkən zavodda 22 və 27 sərnişin tutumu olan 2 çeşiddə MAZ avtobuslarının ilk nümunələri nümayiş olunub. Qeyd edilib ki, zavod gələn ildən bu avtobusların kütləvi istehsalına başlamağı planlaşdırılır.
Birinci müavin həmçinin Minsk Traktor və Avtomobil zavodları ilə birgə iş birliyi nəticəsində yığılan traktor və avtomobillər, Almaniyanın Haller şirkəti ilə üçtərəfli əməkdaşlıq çərçivəsində məişət tullantılarının daşınması üçün nəzərdə tutulan avtomaşınların yığım xətti ilə tanış olub.
Gəncə Avtomobil Zavodu İB İdarə Heyətinin sədri Xanlar Fətiyev “Belaqromaş” və “Dorelektromaş” müəssisələri ilə qurulan əlaqələr nəticəsində zavodda Belarus traktorları üçün müxtəlif asma və qoşqu avadanlıqlarının istehsal olunduğunu bildirib.
“Gəncə Avtomobil Zavodu fəaliyyətini bərpa edəndə burada 43 nəfər işləyirdi, indi onların sayı 500 nəfərdir. Buranın çox geniş potensial imkanları var. Bu imkanlardan maksimum istifadə etməliyik. Burada istehsal olunan avtomobil və texnikalar yüksək keyfiyyəti ilə seçilir”, – deyə V.Semaşko qeyd edib.