Azərbaycanın Yerevanda keçiriləcək gənclər arasında boks üzrə Dünya Çempionatında iştirak edib etməyəcəyi müəyyənləşdirilməyib. Bu barədə “İnterfaks Azərbaycan” agentliyinə Respublika Boks Federasiyasının vitse -prezidenti Ağacan Əbiyev məlumat verib.
“Azərbaycanın Yerevanda keçiriləcək boks üzrə dünya çempionatında iştirakı məsələsi hələ ki, sual altındadır. Yaxın günlərdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, eləcə də Boks Federasiyası bu məsələylə bağlı qəti qərarını bildirəcək”,- deyə A.Əbiyev qeyd edib.
O əlavə edib ki, Azərbaycanın yığma boks komandasının tərkibi artıq müəyyən olunub.
Gənclər və İdman Nazirliyinin rəsmi nümayəndəsi Qabil Mehdiyev “İnterfaks Azərbaycan”agentliyinə bildirib ki, azərbaycanlı boksçular həm fiziki, həm də psixoloji cəhətdən tam hazırlıqlı vəziyyətdədirlər.
“İdmançılarımızın Ermənistanla bağlı heç bir problemi yoxdur.Bildiyiniz kimi, cüdoçularımız Yerevandan dörd medalla qayıdıblar. Bu fakt özlüyündə çok söz deyir”,- deyə Q.Mehdiyev qeyd edib.
O əlavə edib ki, Azərbaycan cüdoçularının Ermənistandakı nailiyyətləri boksçularımıza stimul verir.
Noyabrın 25-dən dekabrın 8-dək Ermənistanın paytaxtı Yerevanda gənclər arasında boks üzrə Dünya Çempionatı keçiriləcək. Əgər Azərbaycan iştirak etməyə qərar verərsə, ölkəmizi çempionatda 6 idmançı təmsil edəcək. Ümumilikdə, nümayəndə heyəti 10 nəfərdən ibarət olacaq.
Ermənistan tərəfi artıq Azərbaycan Boks Federasiyasına rəsmi məktub göndərib. Məktubda təhlükəsizliyə hər cür təminat verildiyi bildirilir. Ermənistan KİV-ləri Ermənistanın İdman və Gənclər Nazirliyinin mətbuat katibi Astxik Martirosyana istinadən belə məlumat yayıb.