Azərbaycanlı vətəndaşın qətlində şübhəli bilinən Xoroşevo-Mnevniki rayonunun polis bölməsinin üç əməkdaşı saxanılıb. Bu barədə “İnterfaks” agentliyinə Moskva üzrə Rusiya DİN Baş İdarəsindən məlumat verilib.
“Moskva üzrə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi federal dairə üzrə Baş İdarəsinin əməkdaşlarının Şimal-qərb Daxili İşlər İdarəsinin şəxsi təhlükəsizlik şöbəsi ilə birgə reallaşdırılan operativ materiallar nəticəsində Xoroşevo-Mnevniki rayonu üzrə Daxili İşlər Nazirliyi Şöbəsinin post-patrul xidmətinin üç əməkdaşı, həmçinin onların işsiz olan bir yoldaşı saxlanılıb”, - deyə Baş İdarənin nümayəndəsi bildirib.
Paytaxt polisinin məlumatına görə, sentyabrın 5-dən 6-na keçən gecə beş nəfər gənc avtomobillə paytaxtdan Moskva ətrafı qəsəbələrdən biri istiqamətində hərəkət edirdilər. Yolda onlar arasında münaqişə baş verib. Nəticədə dörd nəfər şübhəli zərəçəkəni qətlə yetirib və onun “BMW 530i” markalı avtomobilini sonra satmaq məqsədilə Moskvaya sürüblər.
“Bu fakta dair materiallar cinayət işinin açılması barədə məsələnin həll edilməsi üçün Moskva üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin baş istintaq şöbəsinə verilib. Şübhəli şəxslər Daxili İşlər orqanlarından kənarlaşdırılıb”, - deyə mətbuat mərkəzindən qeyd edilib.
Moskva polis Baş İdarəsinin rəisi Anatoli Yakunin həmçinin Xoroşevo-Mnevniki rayonu üzrə Daxili İşlər Nazirliyi Şöbəsinin bütün rəhbərlərinin vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib. Şəxsi heyət isə məcburi qaydada növbədənkənar təkrar atestasiyadan keçəcək. Onun nəticəsi üzrə hər bir əməkdaşın ayrılıqda gələcəkdə xidmət etməyinin məqsədəuyğunluğu barədə qərar qəbul ediləcək.
“Bundan başqa, A.Yakunin paytaxtın Şimal-qərb Daxili İşlər İdarəsinin rəisinin inzibati məsuliyyətə cəlb edilməsi ərizəsi ilə DİN rəhbərliyinə müraciət edib”, - deyə Baş İdarənin nümayəndəsi bildirib.