Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri yeni regional nəqliyyat layihələrinə $23 mlrd. məbləğində investisiya yatırmaq barədə planı təsdiq ediblər.
Müvafiq qərar CAREC nazirlərinin görüşü zamanı qəbul edilib.
Həmin investisiyalar proqramın üzv ölkələri arasında ticarətin inkişafına yardım göstərəcək 68 nəqliyyat layihəsinin reallaşmasına yönəldiləcək.
Bundan başqa, CAREC ölkələri enerji infrastrukturunun təkmilləşdirilməsinə vəsait investisiya edəcək.
Məlumatda qeyd olunur ki, CAREC proqramının üzv ölkələri 2001-ci ildən etibarən 120 infrastruktur layihənin reallşamasına $19 mlrd. investisiya yatırıblar. Bu layihələr 4 min kilometr avtomobil yolları, 3,2 min kilometr dəmir yolları, 2,3 min kilometr elektrik ötürücü xəttlərin çəkilməsinə şərait yaradıb.
Nazirlərin görüşündə həmçinin regionda strateji layihələrin dəstəklənməsi məqsədilə CAREC üçün Məlumat bazasının yaradılması haqqında qərar qəbul edilib.
2013-cü ildə CAREC üzv ölkələrin nazirlərinin konfransı Qazaxıstanda keçiriləcək.
CAREC 1997-ci ildə yaradılıb, məşləhətçi forumdur. Əsas fəaliyyət istiqamətləri ticarət əlaqələri, energetika və nəqliyyat infrastrukrunun inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Asiya İnkişaf Bankı tərəfindən irəli sürülən CAREC proqramı hazırda Azərbaycan, Çin, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Monqolustana şamil edilir.