Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının mədəni və mənəvi sərvətlərimizin qorunmasında və təbliğində rolu” mövzusunda elmi konfrans keçirilib. Konfrans M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinə həsr edilib.
“Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan, Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib”, - deyə giriş nitqində AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu mənada, hələ 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan şəhər kitabxanası kimi yaradılmış və 1930-cu ildən başlayaraq, Naxçıvan Muxtar Respublika Kitabxanası kimi fəaliyyət göstərən bu elm və mədəniyyət ocağının adı xüsusi qeyd edilməlidir. O vurğulayıb ki, son illərdə Muxtar Respublikada gedən mədəni yüksəlişin kitabxanaların işinə də müsbət mənada təsir göstərib.
Həmçinin konfransda kitabxananın yaranması və inkişaf yolu, elmin və təhsilin inkişafında, ictimai-siyasi həyatda yeri və rolu mövzusunda məruzələr dinlənilib və müzakirə edilib.
Tədbirdə son illərdə həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib, kitabxanasının fəaliyyəti ilə bağlı bir sıra təkliflər müzakirə edilib.
Həmçinin Naxçıvanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev muzeyinin 30 illiyi münasibətilə tədbir keçirilib.
“Kənqərli xanların nəslindən olan, Azərbaycan atıcılıq diviziyasının komandiri, qeneral Cəmşid Naxçıvanskinin yaşadığı evdə muzeyin yaradılması barədə qərar onun 85 illiyi ilə əlaqədar 1981-ci ildə qəbul edilib”, - deyə tədbirdə ev muzeyinin direktoru Zeynəb Heydərova qeyd edib.
Onun sözlərinə görə, muzeydə C.Naxçıvanskinin həyat və yaradıcılığını əks etdirən 600 mindən artıq eksponat, həmçinin çox sayda şəkillər, kitablar, məktublar və əlyazmalar, şəxsi əşyalar və ev əmlakı qorunur və nümayiş edilib.
“Muzeyə gələnlərin əsas hissəsini gənclər təşkil edir. Onlar görkəmli sərkərdənin həyat yoluna, onun nüayiş etdirdiyi qəhrəmanləğa böyük maraq göstərirlər”, - deyə muzeyin direktoru qeyd edib.