Gürcüstanın yeni hökuməti SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ) gələcəkdə fəal investisiya fəaliyyətini davam etdirəcəyinə ümid edir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bəyan edib.
“Bidzina İvanişvili (Gürcüstanın naziri – İF-Az) “SOCAR Energy Georgia” şirkətinin (ARDNŞ-ın törəmə şirkəti) rəhbəri və Azərbaycanın Gürcüstandakı səfirini qəbul edib. O SOCAR-ın Gürcüstana investisiyalarını yüksək qiymətləndirib. Gələcəkdə də fəal investisiya siyasətini davam etdirməyi, o cümlədən işləri tezləşdirməyi (qazlaşdırma, layihələrə dair) xahiş edib”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, nazirin bu bəyanatı “mətbuatda müxtəlif məqalələrə (Gürcüstan hökumətinin SOCAR ilə müqavilələri təkrar gözdən keçirmək planları barədə - İF-Az) fikir verməyərək bizə sakit şəraitdə işləməyə imkan yaradır (Gürcüstanda – İF-Az)”.
R.Abdullayev qeyd edib ki, SOCAR beynəlxalq səviyyəli şirkətdir. “Biz beynəlxalq standartlara uyğun xaricdə layihələr həyata keçiririk”, - deyə o vurğulayıb.
SOCAR-ın prezidenti həmçinin “İTERA İnternational Energy LLC” şirkətinin 100%-lik törəmə strukturu olan “İtera Georgia” şirkətinin alınmasını şərh edib. “Bu şirkətin alınması 3 ay öncə həyata keçirilib. Beləliklə, biz Tiflis istisna olmaqla Gürcüstanın qalan ərazisində mövcud qaz şəbəkəsini idarə edirik. Sövdələşmənin məbləği məxfidir. Lakin, deyə bilərəm ki, bu şirkəti almaq üçün bir o qədər də iri həcmdə pul sərf edilməyib”, - deyə o qeyd edib.
R.Abdullayev əlavə edib ki, SOCAR Gürcüstanda fəal şəkildə iri qazlaşdırma işləri aparılır.
“İtera Georgia” şirkəti 100-dən artıq müəssisəni, həmçinin 38 regional qazpaylayıcı şirkəti illik 300 mln. kubmetr təbii qaz tədarük edərək tələbatlarını ödəyir.
SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür.
Şirkət Gürcüstanda fəaliyyət göstərdiyi 6 il ərzində müxtəlif layihələrə $1 mlrd.-dan artıq investisiya sərf edib.
ARDNŞ-ın törəmə şirkətləri Kulevi portunda neft terminalının sahibidirlər. Bu port vasitəsilə Azərbaycan neft və neft məhsullarının dünya bazarlarına ötürülməsi həyata keçirilir. Həmçinin şirkətlər qazpaylayıcı sistemlərin genişləndirilməsi və modernləşdirilməsi, o cümlədən “SOCAR” brendi altında avtomobil yanacaq doldurma stansiyalarının şəbəkəsinin inkişaf etdirilməsi ilə məşğuldurlar.