Azərbaycan Beynəlxalq Bankı və “American Express” (AMEX) beynəlxalq ödəniş sistemi eksklüziv sazişin müddətini daha altı ilə uzadıblar.
Sazişi ABB-nin İdarə heyətinin sədrinin müavini Emil Mustafayev və AMEX-in vitse-prezidenti Aleks Ferber cümə axşamı imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
“AMEX kimi şirkət ilə əməkdaşlıq bizi sevindirir. Əməkdaşlığımız uzun illərə nəzərdə tutulur və yüksələn xətt ilə inkişaf edəcək”, - deyə E.Mustafayev mərasimdə bildirib.
A.Ferber ABB ilə əməkdaşlıqdan məmnunluq ifadə edib. “Azərbaycan bazarı çox dəyişilib. Artıq nağdsız ödənişlərə tələbatın artım tendensiyası müşahidə edilir. İnsanlar bu ödəniş vasitəsinin sərfəli və etibarlı olduğunu anlamağa başlayıb”, - deyə AMEX-in vitse-prezidenti qeyd edib.
O həmçinin vurğulayıb ki, yaxın perspektivdə daha çox sayda müştərilərin cəlb edilməsi imkanları müzakirə olunacaq. “Bizim hədəfimiz xüsusilə ortadan bir az yüksək səviyyəli əhalidir. Onlar əsasən ali təhsilli və professional karyeraya başlayan şəxslərdir. AMEX onlarla ömürləri boyu davam edəcək əməkdaşlıq qurmağı planlaşdırır”, - deyə A.Ferber əlavə edib.
ABB AMEX-in kredit kartlarının eksklüziv emitentidir. Bundan başqa, ABB hazırda “Visa International”, “MasterCard” ilə əməkdaşlıq edir.
American Express 1850-ci ildə ABŞ-da təsis edilib. Şirkətin 159 ölkədə 146 tərəfdaşı var.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.