Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının solisti Yekaterina Straşenkonun iştirakı ilə R.Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşada Nedda partiyasını oynamaq üçün Avropada ən tələb olunan müğənnilərdən olan Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının solisti Yekaterina Straşenko dəvət olunub. Qeyd edək ki, Y.Straşenko Azərbaycana teatrın rəhbərliyi tərəfindən dəvət edilib.
Onun qastrolları Almanitya, Danimarka, Hollandiya, İngiltərə, İspaniya, Fransa, İtaliya və Yaponiyanın opera teatrlarında triumfla keçirilib. Tokioda keçirilən beynəlxalq opera sənəti festivalında o Nedda partiyasının ən yaxşı ifaçısı kimi xüsusi mükafata layiq görülüb.
“Payatsı” operasının tamaşasında Yekaterina Straşenko ilə yanaşı teatrın istedadlı opera sənətçiləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Silvio), həmçinin gənc vokalçı Anton Ferştandt (Tonio) da çıxış edəcək.