"Elegant Co" MMC İqtisadi İnkişaf Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC ərazisində yararsız binaların və qurğuların sökülməsi üzrə elan etdiyi tenderin qalibi olub. Bu barədə nazirliyin elanında deyilir.
İşlərə 167,66 hektar ərazidə yararsız bina və qurğuların sökülməsi daxildir.
"Oktyabrın 31-də "Elegant Co" MMC ilə bu işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlanıb", - deyə elanda qeyd edilir.
Xəbər verildiyi kimi, “Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılır.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
Parkın yaradılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.