“BP-Azerbaijan” şirkətinin rəhbəri Rəşid Cavanşir Londonda “BP”-nin strategiya və inteqrasiya bölməsinin vitse-prezidenti təyin edilib. Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
R.Cavanşir 2009-cu ildən etibarən “BP”-nin Azərbaycanda, Gürcüstanda və Türkiyədə regional prezidenti vəzifələrində çalışıb.
“BP-Azerbaijan”-ın rəhbəri postunda onu Qordon Birrell əvəz edəcək. Q.Birrell noyyabrın 15-dən yeni vəzifəsinin icraına başlayacaq.
Məlumatda qeyd edilir ki, Q.Birrell hazırki təyinata qədər “BP”-nin hasilat bölümü üzrə texniki təhlükəsizlik və əməliyyat riski funksiyasına rəhbərlik edib. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdeh olub.
“Biz R.Cavanşiri elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və “BP”-nin ümumi biznesi xeyrinə istifadə edə bilək”, - deyə məlumatda “BP”-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayarın sözlərindən sitat gətirilir.
O həmçinin vurğulayıb ki, “BP” şirkəti “SOCAR, hökumət və tərəfdaşları ilə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarını davam etdirmək niyyətindədir”.
“Məqsədlərimizə nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik. Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökuməti ilə birgə işlənən Azəri-Çıraq-Günəşli blokunda neft hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olacağıq”, - deyə B.Frayar qeyd edib.
Böyük Britaniyanın “BP” şirkəti hazırda Azərbaycanda “AÇG” yataqlar blokunun işlənməsinə dair layihələrin, “Şahdəniz” qaz-kondensat yatağının, “Şəfəq-Asiman” perspektivli dəniz strukturlarının işlənməsi və kəşfiyyatı, həmçinin Bakı-Tiflis-Ceyhan neft boru kəməri və Cənub-Qafqaz qaz boru kəməri (Bakı-Tiflis-Ərzurum) layihələrinin operatorudur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib ki, bp tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşüb. Onun sözlərinə görə, AÇG-dən neft hasilatı ilə məşğul olan ABƏŞ konsorsiumu böyük səhvlərə yol verib. Nəticədə son illər AÇG blokundan neft hasilatı kəskin azalmağa başlayıb.
Bununla yanaşı Prezident qeyd edib ki, bu cür azalma “AÇG” blokunda neft hasilatının biz pik səviyyəsinə çatdığı və ondan sonra təbii tənəzzül prosesləri ilə əlaqədar deyil. “Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir”, - deyə İ.Əliyev əlavə edib Eyni zamanda o bildirib ki, 2009-2012-ci illərdə hasilata dair proqnozlar yerinə yetirilmədiyindən Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri $8,1 mlrd. təşkil edib .
Öncə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, SOCAR şirkəti və “BP” “Azəri-Çıraq-Günəşli” blokundan uzunmüddətli hasilat proqramı hazırlayır. Proqrama əsasən, illik neft hasilatı 33-34 mln. ton səviyyəsində nəzərdə tutulur. Həmçinin, 2014-2024-cü illəri əhatə edən və bu blokdan 2020-ci ilə qədər 33-34 mln. ton səviyyəsində neft çıxarılmasını nəzərdə tutan proqram da hazırlanacaq
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.