Azərbaycanın turizm şirkətlərinin yarıdan çoxu lazımi səviyyədə işləyir, yerdə qalan şirkətlər yalnız bilet satışı ilə məşğul olur. Bu barədə bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin rəhbəri Aydın İsmiyev bəyan edib.
"Azərbaycanda fəaliyyət göstərən 210 turizm şirkətindən təxminən 130-140-ı lazımi səviyyədə işləyir, qalan şirkətlər bilet satışı ilə məşğul olur. 2012-ci ildə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı təxminən 355 min nəfər olub, iki il əvvəl isə bu göstərici 190 min turist təşkil edib", - deyə A.İsmiyev Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən keçirilən turizm problemlərinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün respublikada 508 otel və mehmanxana fəaliyyət göstərir. Onların 70%-i lisenziyaya malikdir, qalanları isə lazımi sənədlərin olmaması səbəbindən lisenziyasız fəaliyyət göstərir.
"Son 3-4 il ərzində respublikada ekoloji turizm də inkişaf edir. Bununla əlaqədar biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə fəal əməkdaşlıq edirik", - deyə A.İsmiyev qeyd edib.
Bundan başqa, o, işğal edilmiş Dağlıq Qarabağı beynəlxalq sərgilərdə öz ərazisi kimi təqdim edən Ermənistanın provokasiyalarına aydınlıq gətirib. Departament rəhbərinin sözlərinə görə, Azərbaycanın xaricdə akkreditə edilmiş diplomatik idarələrinin köməyi ilə bütün belə hadisələrin qarşısı alınır.
"Bu günlərdə Londonda keçirilən beynəlxalq turizm sərgisində Ermənistan beş turizm şirkəti ilə təmsil olunub, onlardan birinin adı “Qarabağ”dır. Biz bu barədə bilən kimi Böyük Britaniyadakı səfirliyimiz xəbərdar edildi və mən əminəm ki, bizim diplomatlarımız artıq gərəkli tədbirlər görüblər. Bütün belə faktlar Azərbaycanın xeyrinə öz həllini tapır", - deyə A.İsmiyev söyləyib.