“Azerfon” “Azərbaycan Hava Yolları” QSC-nin (AzAl) təyyarələrində mobil rabitə xidmətləri göstərməyə başlayıb. Çərşənbə axşamı XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin (“BakuTel-2012”) rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin göyərtəsinə ilk zəngi edib.
“Azərbaycan Prezidenti İlham Əliyev təyyarədə olan və Parisdə keçiriləcək yarışa yollanan Olimpiya oyunlarının gümüş mükafatçısı Rövşən Bayramova ilk zəng edib. O R.Bayramova keçiriləcək turnirdə uğurlar arzulayıb. Bununla da “Nar Mobile” təyyarələrdə mobil rabitənin təminatı üzrə servisi istifadəyə verib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə “Azerfon” şirkətindən məlumat verilib.
Öncə “Azerfon” MMC, “AzAl” və İsveçrənin “OnAir” şirkəti arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqini nəzərdə tutan layihənin həyata keçirilməsinə dair üçtərəfli eksklüziv saziş imzalayıblar. İlkin mərhələdə 12 təyyarədə xidmətlər göstəriləcək. “OnAir” belə xidmətlər göstərən yeganə şirkətdir. Hazırda təyyarələrdə mobil rabitə Amsterdamda yerləşən yerüstü rabitə stansiyası vasitəsilə həyata keçirilir.
“Azerfon” MMC 2007-ci il martın 21-dən “Nar Mobile” ticarət markası altında kommersiya fəaliyyətinə başlayıb. Hazırda “Azerfon” ölkənin GSM bazarının 20%-nə malikdir. Şirkətin 400 mindən çox müştərisi 3G xidmətlərindən istifadə edir. Onun abunəçilərinin ümumi sayı 1,6 mln.-dan çoxdur.