Müştərilərin böyük marağını nəzərə alaraq Kapital Bank “Kartlı Bazarlıq” kampaniyasını davam etdirməyə qərar verdi. “Kartlı Bazarlıq-2” adlanan növbəti kampaniya 07 noyabr 2012-ci il tarixindən başlanaraq 3 ay ərzində davam etdiriləcək.
Bu, bir uduş kampaniyasıdır. Məqsəd, müştəriləri alış-veriş zamanı nağdsız ödənişlərə həvəsləndirməkdir. İlk “Kartlı Bazarlıq” bu ilin mart ayından başlayaraq 6 ay ərzində “Bizim Market” mağazalarında keçirilmişdi. Bu müddətdə yüzlərlə müştəri müxtəlif hədiyyələr, o cümlədən super prizlər - “BlackBerry”,“iPhone” telefonlarını qazanmışdılar.
“Kartlı Bazarlıq-2” kampaniyasının şərtlərində müştərilərin xeyrinə bəzi dəyişikliklər edildi. İndi “Bizim market”lə yanaşı, "Premium” və “Grandmart” supermarketlərinin müştəriləri də belə bir imkandan faydalana biləcəklər.
Əsas şərtlərdə də bəzi dəyişikliklər baş verib. Kampaniyaya qatılmaq istəyən müştərilər bircə tələbə əməl etməlidirlər: alış-veriş zamanı ödənişi Kapital Bankın POS-terminalı vasitəsilə aparmaq. Müştərinin ölkəmizdəki banklardan hansının ödəniş kartına sahib olması fərq etmir, bütün yerli bankların ödəniş kartları keçərlidir.
“Bizim market”, "Premium” və “Grandmart” şəbəkələrinin Bakıdakı istənilən supermarketlərinin bir dəfəyə ən azı 50 manatlıq alış-veriş edən və ödənişi Kapital Bankın həmin mağazalardakı POS-terminalı vasitəsilə aparan hər bir alıcıya “Kartlı bazarlıq-2” lotereya kartı verilir. Müştəri kartın arxasındakı zolağı elə oradaca pozur, uduşlu kartı, POS-terminal çekini və şəxsiyyət vəsiqəsini kampaniyanın mağazadakı təmsilçisinə təqdim edərək müxtəlif hədiyyələrdən birini özü ilə aparır. Uduşa çıxarılmış hədiyyələr müxtəlif məbləğli SİM danışıq kartlarıdır. Super prizlər isə Blackberry, İphone4 mobil telefonları, rəqəmsal fotoaparatlardır.
Kampaniya barədə Kapital Bankın www.kapitalbank.az saytından, yaxud 196 nömrəli müştəri xidmətindən əlavə məlumat almaq olar.