Azərbaycan İpoteka Fondu (AİF) 2013-cü ildə sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 40 mln. manat alacaq. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlament komitələri tərəfindən 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"2013-cü ildə AİF-in maliyyələşdirilmə həcmi 2012-ci illə müqayisədə iki dəfə artacaq", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bundan başqa, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində sosial ipotekaya 0,5 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin mart ayında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2011-ci ildə AİF-in vəsaiti hesabına ipoteka kreditləşdirilməsinin həcmi 95,54 mln. manat, 2012-ci ilin yanvar-sentyabr aylarında 45,58 mln. manat təşkil edib.