Yaponiyalı professor Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə mühazirə oxuyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çərşənbə axşamı Yaponiyanın Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib.
Abel Məhərrəmov qonağa Azərbaycanın ilk ali təhsil müəssisəsinin inkişaf mərhələləri haqqında məlumat verib, onun Yaponiya universitetləri ilə əlaqələrindən bəhs edib.
Onun sözlərinə görə, BDU-nun 78 məzunundan 40 nəfəri Yaponiyada təcrübə keçib, 2 məzun Yaponiyanın Bakıdakı, 1 məzun isə ölkəmizin Tokiodakı səfirliyində çalışır.
Bundan başqa, rektor Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinə toxunub və əmin olduğunu bildirib ki, yaponiyalı professorun mühazirəsi tələbələr tərəfindən maraqla qarşılanacaq.
Professor Takeo Funabiki BDU-da yapon dili və ədəbiyyatının öyrənilməsindən məmnunluq bildirib. MDB ölkələri arasında yapon dili natiqlik müsabiqəsində 3-cü yeri tutmuş tələbə Aydan Muradlı qonağı yapon dilində salamlayıb.
Görüşdə həmçinin Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak edib.