Azərbaycan və İtaliyanın müdafiə nazirləri Səfər Əbiyev və Campaola Di Paola iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, İtaliyada rəsmi səfərdə olan S.Əbiyev həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumat verib. Nazirin sözlərinə görə, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. “Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək”, - deyə məlumatda S.Əbiyevin sözlərindən sitat gətirilib.
Görüşün yekununda nazirlər müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalayıblar.
Görüş çərşənbə axşamı keçirilib. Çərşənbə günü Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.