Azərbaycanın Qeyri-Hökumət Təşkilatları rəhbərlərindən ibarət qrup və ABŞ Dövlət Departamentinin ekspertləri insan alverinə qarşı mübarizə sahəsində məsələləri müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Miqrasiya mərkəzi” İctimai Birliyindən məlumat verilib.
Çərşənbə günü Bakıda Azərbaycanın QHT rəhbərləri və ABŞ Dövlət Departamentinin ekspertləri arasında görüş keçirilib. Respublikada insan alverinə qarşı mübarizə sahəsində hazırki vəziyyət müzakirə mövzusu olub.
Bundan başqa, Dövlət Departamentinin nümayəndələri İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Azərbaycan DİN-in İnsan Alveri Qurbanları ilə Mübarizə İdarəsinin əməkdaşları, həmçinin müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər.
Müzakirələrin əsas mövzularndan biri gələn ilin mart-aprel aylarında Dövlət Departamenti tərəfindən insan alverinə qarşı mübarizə sahəsində bütün dünya üzrə vəziyyət haqqında hesabatın hazırlanmasıdır.
ABŞ Dövlət Departamentinin iyun ayında dərc edilən hesabatında Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində müvafiq standartlara tam uyğun olamyan ölkə kimi qiymətləndirilib. Lakin bildirlib ki, vəziyyətin yaxşılaşdırılması üçün ciddi səylər görülür.