Azərbaycanın işğal olunan torpaqlarında Ermənistanın inşa etdiyi yeni aeroportu işə salmaq niyyəti beynəlxalq hüquqa ziddir və regional təhlükəsizliyə yeni təhdidlər yaradır. Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanında Azərbaycanın daimi nümayəndəsi, respublikanın Kanadadakı səfiri Fərid Şəfiyev bəyan edib.
Azərbaycan XİN-in məlumatına əsasən, noyabrın 7-də ICAO-nun iclasında çıxışında F.Şəfiyev vurğulayıb ki, Azərbaycanın işğal olunan torpaqları üzərində hava məkanı mülki aviasiya üçün bağlıdır. Həmin zonaya hər hansı hər hansı təyyarənin göndərilməsi sərnişinlərin həyatının təhlükə altında qoyulması deməkdir. Səfir Ermənistan tərəfinin bu cür hərəkətlərini tənqid edib. O xatırladıb ki, Azərbaycan Çikaqo Konvensiyasına uyğun olaraq hava məkanını qorumaq, həmçinin təyyarələrə qarşı tutma əməliyyatının həyata keçirilməsi hüququna malikdir.
F.Şəfiyev ICAO rəhbərliyinə məlumat verib ki, hazırda işğal olunan Dağlıq Qarabağ və yeddi ətraf rayonları üzrəində hava məkanı Azərbaycanın yurisdiksiyası altındadır. Bakının icazəsi olmadan digər ölkələr tərəfindən hər hansı uçuşların təşkili qeyri-qanunidir.