2012-ci il oktyabrın 1-nə Azərbaycanda əhalinin bank əmanətləri 4 mlrd. 556,3 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 10,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Yanvar-sentyabr aylarında milli valyuta ilə qoyulan əmanətlərin həcmində artım müşahidə olunub. Hesabat dövründə onların həcmi 14,6% - 2 mlrd. 615,9 mln. manat və ya bütün əmanətlərin 57,4%-ni təşkil edib.
Cari ilin 9 ayı ərzində əhalinin xarici valyuta ilə əmanətlərinin həcmi 5,5% - 1 mlrd. 940,4 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 42,6%-i səviyyəsində artıb.
Əhali milli və xarici valyutalarla əsasən, müddətli əmanətlərə üstünlük verir. 1 oktyabr 2012-ci il tarixinə onların həcmi müvafiq olaraq 1 mlrd. 859,6 mln. manat və 1 mlrd. 702,9 mln. manat təşkil edir. 2012-ci il yanvarın 1-nə olan göstərici ilə müqayisədə əhalinin milli valyuta ilə müddətli bank əmanətlərinin həcmi 11,4%, xarici valyuta ilə 5,9% artıb.
AMB-nin məlumatına görə, 2012-ci il oktyabrın 1-nə Azərbaycanda banklarda əmanətlərin və depozitlərin həcmi 10 mlrd. 80,6 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 6,7% çoxdur.