Azərbaycan Mərkəzi Bankı (AMB) “AccessBank”ın səhmdarlarının payının strukturunda dəyişiklik etmək təklifini təsdiqləyib. Bu barədə yeni təyin edilən baş menecer, bankın İdarə Heyətinin sədri Mixael Hoffman cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
Xəbər verildiyi kimi, “AccessBank”ın səhmdarlarının ümumi yığıncağı səhmdar payının strukturunda dəyişiklik etmək təklifini dəstəkləyib.
Təkliflərə əsasən, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və KfW – Almaniya Dövlətinin İnkişaf Bankı, hər biri özlərinin səhm kapitalındakı payını 7,55% hər biri üçün 12,45%-ə qədər azaldır. Digər səhmdar olan - LFS Financial Systems GmbH səhm payı 0,1%-dək azalacaq.
Səhmdarlardan biri olan – “AccessHolding” yuxarıda göstərilən səhmdarların təklif etdikləri bütün səhmləri satın almaq və öz səhmlərini 50,1%-dək artırmaq niyyətindədir.
M.Hoffman qeyd edib ki, səhmdar kapitalın strukturunun dəyişilmə prosesi antiinhisarçılıq siyasəti çərçivəsində həyata keçiriləcək.
Hazirda bankın səhmdarlar strukturu aşağıdakı kimi təqdim olunub: AYİB, BMK, KfW və QDTİB – hər biri 20%, “Access Holding” – 16,53%, LFS Financial Systems GmbH – 3,47%. 2012-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 85 mln. manata bərabərdir.
M.Hoffman bildirib ki, bank filial şəbəkəsinin genişləndirilməsi siyasətini davam etdirəcək. “Cari ildə biz bir neçə yeni filial açmışıq. Gələn aylarda və ya ildə daha bir neçə filial açmaq niyyətindəyik”, - deyə M.Hoffman vurğulayıb.
Onun sözlərinə görə, bank yenidən kredit potrfelini kiçik və orta sahibkarlığın maliyyələşdrilməsinə yönəldəcək. “Mən təxminən bütün filiallara baş çəkdim və işlərin gedişatı ilə tanış oldum. Regionlarda aqrar sektorun kreditləşməsinə böyük ehtiyac var”, - deyə o əlavə edib.
Baş menecerin sözlərinə görə, kredit portfelinin faiz riski 1% səviyyəsindədir.
Hazırda bankın məcmu kapitalı 90 mln. manatı ötür, bu isə AMB-nin minimum tələbindən çoxdur. Bu bankın uğurlu fəaliyyətinn göstəricisidir”, - deyə o əlavə edib.
Respublikada bankın 34 filialı fəaliyyət göstərir.
“AccessBank” aktivlərin həcminə görə ölkədə aparıcı bankların onluğuna daxildir.