İslam Əməkdaşlığı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib. Məktubda o təşkilata etdiyi könüllü maliyə yardımını yüksək qiymətləndirib və dəstəyə görə minnətdarlıq ifadə edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Baş katib məktubda qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən qurumun fəaliyyətinə əhəmiyyətli dərəcədə dəstək verib. Azərbaycan 2006-2007-ci illərdə İƏT Xarici İşlər Nazirləri Komitəsinin sədri kimi təşkilatın On illik Fəaliyyət Planında qeyd edilən məqsədlərə nail olunmasında yüksək səviyyədə və tərifəlayiq rol oynayıb.
“Sonda Sizi əmin etmək istərdim ki, ölkənizin etdiyi bu könüllü yardım İƏT Sammitləri və Konfransları tərəfindən qəbul olunan qətnamələrə uyğun olaraq üzv dövlətlərin gözləntilərinin həyata keçirilməsi üçün sərf ediləcək”, - deyə E.İhsanoğlu E.Məmmədyarova göndərdiyi məktubda bildirir.