“Akkord-Bouygues” Birgə Müəssisəsi “28 May” stansiyasının yenidən qurulması və yeni “yaşıl xəttinin” Xətai-Həzi Aslanov-2 hissəsinin tikintisini həyata keçirəcək. Bu barədə “Akkord” şirkətindən məlumat verilib.
“Ötən həftə qeyd olunan işlərin həyata keçirilməsinə dair Bakı Metropoliteni və “Akkord-Bouygues” Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanıb”, - deyə məlumatda qeyd olunur.
“Akkord-Bouygues” Birgə Müəssisəsi “Akkord” ASC VƏ Fransanın “Bouygues Travaux Publics” Şirkəti trəfindən təsis edilib. 29 iyun 2011-ci ildə “Akkord” Korporasiyası ilə “Bouygues Travaux Publics” Şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda infrasktruktur layihələrində və həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikinitisində birgə iştirak məqsədlərini və iş birliyinin ilkin şərtlərini ehtiva edir.
“Bouygues Travaus Publics” Şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan “Bouygues Qrup”a daxildir.
Xəbər verildiyi kimi, Bakıda Metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni iki xətt və 23 fəaliyyət göstərən stansiyadan ibarətdir.
Bakı Metropoliteninin 2030-cu ilə qədər nkişaf proqramı 53 metro stansiyanın və üç yeni xəttin tikintisini, o cümlədən mövcud iki xəttin genişləndirilməsini nəzərdə tutur. 2030-cü ilə qədər metro stansiyalarının ümumi sayı 76-ya çatacaq. Yolların uzunluğu 119 km təşkil edəcək. Böyük Bakının 76%-i metro ilə əhatə olunacaq.