2013-cü ildə Azərbaycanda nominal ÜDM $71 mlrd. təşkil edəcək ki, bu da 2003-cü ilin göstəricisindən 8 dəfə çoxdur. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çərşənbə axşamı parlamentin 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
“1992-2011-ci illərdə Azərbaycanda real ÜDM 2,4 dəfə artıb. 2000-2008-ci illərdə ÜDM-in orta illik artım tempi 18,1% təşkil edib. 2013-cü ildə ÜDM 5,3% artacaq", - deyə Z.Səmədzadə qeyd edib.
Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri ÜDM-in 17%-ni təşkil edib, 2013-cü ildə isə bu göstərici 34,1%-ə bərabərdir, bu dövr ərzində dövlət büdcəsinin adambaşına gəlirləri 147 manatdan 2017 manata qədər artıb.
Z.Səmədzadə vurğulayıb ki, 2013-cü ildə qeyri-neft ÜDM-in 1% artması qeyri-neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarının 2% artmasına səbəb olacaq. "Bu sevindiricidir və dövlət büdcəsinə vergi daxilolmalarının sabitliyini göstərir", - deyə o əlavə edib.
Komitə sədri hesab edir ki, real sektorun inkişafına xüsusi diqqət ayırmaq lazımdır. "Real sektor sabitliyin təmin olunması və işsizliyin azalması üçün çox vacibdir. Azərbaycan hökuməti bu istiqamətdə çox iş görür, maşınqayırma sahəsinə xüsusi diqqət ayrılır. Biz güclü maşınqayırma sənayesinə malik olmalıyıq. Sovet dövründə bu sektorun payı 16% təşkil edib. Yüngül sənayeni də inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycanda adambaşına cəmi 15 manat dəyərində belə məhsul istehsal edilir. Bu çox azdır", - deyə o vurğulayıb.
Z.Səmədzadə kənd təsərrüfatı sektoruna büdcə dəstəyinin davam etdirilməsinin zəruriliyini qeyd edib. "AB-də bu sektora dotasiyaların daha mükəmməl olması ilə əlaqədar məhsuldarlıq da yüksəkdir. Buna görə də Azərbaycanda kənd təsərrüfatı sektoruna büdcə dotasiyaları mexanizmini təkmilləşdirmək lazımdır. Maliyyə Nazirliyi dotasiyalar məsələsində islahatların aparılması zərurətini dəstəkləyir", - deyə o əlavə edib.