Pentaqon rəhbəri Leon Panetta cümə axşamı Bankoka rəsmi səfərə gəlib. Bu barədə yerli KİV xəbər verir.
Səfər çərçivəsində L.Panetta Taylandın müdafiə naziri Sukxampxon Suvannatxatla görüşəcək. Görüşdə o, Asiya regionunda təhlükəsizliyin saxlanmasında iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə etmək niyyətindədir.
Bu, Bankok və Vaşinqton arasında 2008-ci ildən etibarən nazirlər səviyyəsində təhlükəsizlik sahəsində ilk birbaşa danışıqlar olacaq.
Görüşün gündəliyinə həmçinin Vaşinqtonun Myanma hakimiyyəti ilə əməkdaşlığının genişləndirilməsi məsələsi də daxil olacaq.
Görüş ABŞ prezidenti Barak Obamanın Tayland, Kamboca və Myanmaya səfərlərindən ibarət Asiya turnesindən bir neçə gün əvvəl baş tutacaq. ABŞ prezidenti həmçinin Kambocanın paytaxtı Pnompendə keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının növbəti sammitində iştirak etmək niyyətindədir.