Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının ən mühüm istiqamətlərindən biridir. Bu barədə Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov bəyan edib.
"Turizm Azərbaycanda çox perspektivli və sürətlə inkişaf edən sahədir", - deyə o, cümə günü Bakıda keçirilən “Turizm və rekreasiya XXI əsrdə” I Beynəlxalq Elmi-Praktik Konfransında bildirib.
Onun sözlərinə görə, əgər ATİ-nin fəaliyyətə başladığı altı il əvvəl tələbə qəbulu cəmi üç ixtisas üzrə təşkil edilmişdisə, bu gün ali məktəb 10-dan artıq ixtisas üzrə bakalavr hazırlayır, magistratura üzrə bu göstərici daha çoxdur. Ali məktəbin 57 məzunu artıq iki diplom alıb. Bunlar ATİ-nin və Avstriya Universitetinin diplomlarıdır.
"Bizim məqsədimiz Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirak edəcək yüksək ixtisaslı kadrlar hazırlamaqdır", - deyə C.Cəfərov vurğulayıb.
Öz növbəsində, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, son illər ölkədə aparılan islahatlar turizm sahəsinin inkişafına müsbət təsir göstərib. Onun sözlərinə görə, hazırda 7739 nəfər turizm sahəsində, onların 6 mindən çoxu otellərdə fəaliyyət göstərir.