Azərbaycan Türkmənistana bu ölkə tərəfindən saxlanılmış gəminin içində olan 4 Azərbaycan vətəndaşının azad edilməsi tələbli nota təqdim edib.
"Biz vətəndaşlarımızın azad edilməsi tələbli notanı artıq Türkmənistana təqdim etmişik", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, hazırda məsələ araşdırılır, Türkmənistan tərəfi ilə danışıqlar aparılır. "Bu işin nəticələrindən asılı olaraq müvafiq addımlar atılacaq", - deyə diplomat vurğulayıb.
Saxlanılmış gəmini icarəyə götürmüş "Qlobus-5" şirkətinin rəhbəri Əvəz Babayev ANS telekanalına bildirib ki, gəminin Türkmənistanın dövlət sərhədini pozması haqqında Aşqabadın bəyanatları əsassızdır.
Telekanal qeyd edir ki, Azərbaycana məxsus “Uran” gəmisi oktyabrın 21-də Xəzərin neytral sularında Türkmənistan ərazi sularından 35 km aralıda balıq ovlayarkən saxlanılıb.