Fələstinə “müşahidəçi dövlət” statusu verilməsi məqsədilə səsvermə zamanı dəstəyinə ümid etdiyi qardaş dövlətlərin siyahısına AZərbaycan başçılıq edir. Bu barədə Fələstinin səfiri Nasser Abdul Kərim bəyan edib.
“Azərbaycan Respublikası başda olmaqla qardaş dövlətlərin də dəstəyini qeyd etmək istərdim. Çünki Fələstin məsələsində Azərbaycanın mövqeyi birmənalı, sabit və dəyişilməzdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğun illərdə Fələstin xalqının hüquqlarının bərpası dəstəklənib. Bu gün həmin dəstək dövlət başçısı İlham Əliyev tərəfindən də hiss edilir. Azərbaycan hökumətinin bu məsələdə mövqeyi açıqdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində N.Abdul Kərim bildirib.
“Beynəlxalq qanunvericiliyin tətbiqi və beynəlxalq ədalətin qorunması məsələlərində ölkələrimizin mövqeyi tamamilə üs-üstə düşür. Fələstinin BMT-yə müraciətinə gəlincə, Azərbaycan tərəfi bunu dəstəkləyir”, - deyə N.Abdul Kərim vurğulayıb.
Diplomat əmindir ki, BMT-yə müraciət İsrail ilə dinc danışıqlar prosesinə ziyan vurmur, əksinə, təkan ola bilər.
“BMT-yə müraciəti İsrail ilə dinc danışıqlar prosesinə ziyan vurmur. Əksinə, təkan ola bilər”, - deyə səfir bildirib.
Azərbaycan-Fələstin ikitərəfli münasibətlər mövzusunu davam etdirərək diplomat qeyd edib ki, tərəflər Fələstində Azərbaycanın səfirlik açmağını istəyir. Lakin, maddi-texniki baza ilə əlaqədar bu proses bir qədər ləngiyir.
“Bu Fələstin torpaqlarının İsrail tərəfindən işğal edilməsi ilə bağlıdır, bu isə işlərdə çətinliklər yaradır. Yaxın gələcəkdə, deyərdim ki, qısa zaman ərzində Azərbaycanın Fələstində səfirliyi açılacaq”, - deyə N.Abdul Kərim qeyd edib.
Müsahibənin tam mətni ilə “İnterfaks-Azərbaycan” agentliyinin http://interfax.az/view/558086 saytında tanış olmaq olar.