Cibuti Respublikasında keçirilən İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyanın yekununda xarici işlər nazirləri Cibuti Bəyannaməsini qəbul ediblər. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirilib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, Bəyannamədə üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyiblər və Ermənistan silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.
Bundan başqa, sessiya yekununda İƏT-in qəbul edilən qətnamələrində həmçinin Azərbaycan torpaqlarının işğalı və İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması faktı pislənir. O cümlədən, Azərbaycana iqtisadi yardımın göstərilməsi barədə bildirilir.