2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin profisiti 98 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinə nisbətən 4,6% təşkil edib. Bu barədə fondun məlumatında deyilir.
Cari ilin yanvar-oktyabr aylarında DSMF-in gəlirləri 2 mlrd. 125,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 23,8% çoxdur.
Hesabat dövründə icbari sosial sığorta ayırmaları üzrə fondun büdcəsinə daxilolmalar 15,6% - 1 mlrd. 118,4 mln. manata qədər artıb, proqnoz 100,5% yerinə yetirilib.
Özəl sektordan icbari sosial sığorta üzrə daxilolmalar 688,2 mln. manat təşkil edib və 19,4% artıb. Proqnoz 110,6% yerinə yetirilib. Həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari sosial sığorta üzrə daxilolmalar 22,1%, torpaq mülkiyyətçilərindən daxilolmalar 40,1% artıb.
DSMF-in məlumatına görə, büdcə təşkilatlarından icbari sosial sığorta üzrə daxilolmalar 430,2 mln. manat (artım 10,1%) təşkil edib.
Qalan gəlirlər dövlət büdcəsindən DSMF-in büdcəsinə transfertlərin, həmçinin sair gəlirlərin payına düşüb.
2012-ci ilin yanvar-oktyabr aylarında fondun xərcləri 2 mlrd. 27,1 mln. manat təşkil edib. Pensiya və müavinətlərin ödənilməsi xərcləri 1 mlrd. 989,1 mln. manat olub ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 20,5% çoxdur. Hesabat dövründə pensiyaların ödənilməsi üçün xərclər 1 mlrd. 943,1 mln. manat (artım 20,9%) təşkil edib.
Müavinətlərin ödənilməsi üçün fondun xərcləri 46 mln. manat təşkil edib.
Qalan xərclər digər ödənişlərin payına düşüb.
2012-ci ildə DSMF-in kəsirsiz büdcəsinin gəlir və xərcləri 2 mlrd. 454,3 mln. manat məbləğində təsdiq edilib.