2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2011-ci ilin analoji dövrü ilə müqayisədə 14% - 4 mlrd. 200,8 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 37,7%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2 mlrd. 874,3 mln. manat (artım 19%) təşkil edib.
Yanvar-oktyabr aylarında emal sənayesinə investisiyalar 509,3 mln. manat (azalma 19,8%) təşkil edib.
10 ay ərzində elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 312,1 mln. manat (azalma 16,5%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 505,1 mln. manat (artım 1,9 dəfə) həcmində olub.
Bundan başqa, hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 mlrd. 945,8 mln. manat (artım 3%), informasiya və rabitə sahəsinə 258 mln. manat (artım 63,6%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə976,5 mln. manat (artım 2 dəfə), təhsil sahəsinə 617,3 mln. manat (artım 3,5 dəfə) vəsait qoyulub.
Yanvar-oktyabr aylarında mənzil tikintisi sahəsinə 994,5 mln. manat (artım 26,5%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.