Milli Məclis (parlament) çərşənbə axşamı keçirilən plenar iclasda Trans-Anadolu qaz kəmərinin tikinti layihəsinin (Trans-Anadolu Pipeline, TANAP) reallaşması üçün sənədlər paketini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verib.
Parlament “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişi təsdiq edib.
Sazişim mətnlərini təqdim edən Milli Məclisin vitse-spikeri, parlamentin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Məsələləri Komitəsinin sədri, Valeh Ələsgərov qeyd edib ki, hazırda Azərbaycan enerji resurslarını dünya bazarına nəql etməyə imkan verən müasir infrastruktura malikdir. Xüsusilə, hazırda yeddi boru kəməri vasitəsiə Azərbaycan nefti və qazı dünya bazarına ixrac edilir.
“Lakin, təbii qaz ehtiyyatlarının artması ilə yeni marşrutların yaradılmasına ehtiyac duyulur. Bunlardan biri TANAP layihəsdir. TANAP layihəsində SOCAR - 80%, Türkiyənin “BOTAŞ” və “TPAO” şirkətləri - 20% paya malikdir. Buna baxmayaraq, SOCAR gələcəkdə payının bir hissəsini layihənin tez zamanda və səmərəli reallaşdırılması məqsədilə digər şirkətlərə verə bilər”, - deyə o vurğulayıb.
V.Ələsgərov əlavə edib ki, sazişin şərtlərinə əsasən, SOCAR-ın layihədə pay iştirakı 51%-dən az olmamalıdır. “Bu, SOCAR-ın layihədə nəzarət paketinə malik olacağı deməkdir. Qaz istehsalçısı olan Azərbaycan üçün bu çox vacibdir”, - deyə vitse-spiker bildirib.
İlkin qiymətləndirmələrə görə, TANAP boru kəmərinin ümumi uzunluğu 1700 kilometr təşkil edəcək.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb.
Qaz kəmərinin tikintisi $7 mlrd. məbləğində qiymətləndirilir.
Trans Anadolu Pipeline qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək – 10 mlrd. kubmetr Avropa və 6 mlrd. kubmetr Türkiyənin qərb regionları üçün.