Azərbaycan və Ermənistan Qarabağ müharibəsində səhvlərə yol veriblər. Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri, “İrs” partiyasının sədri Raffi Ovannesyan cümə axşamı Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında jurnalistlərə bəyan edib.
“Qarabağda müharibə tərəflərin heç birinə müsbət nəticə gətirməyib. Azərbaycan və Ermənistan səhvlərə yol veriblər”, - deyə R.Ovannesyan bildirib.
“Siz bunu işğal, mən isə Qarabağın liberallaşması adlandırıram. Fikirlərim illeqal və beynəlxalq hüquqa əsaslanmasa belə, mən hər zaman mövqeyimi müdafiə edəcəyəm. Hesab edirəm ki, danışıqlar prosesində müsbət nəticə əldə etmək üçün bitərəf olmaq lazımdır”, - deyə o qeyd edib.
Ermənistanın müxalifət partiyasının sədrinin sözlərinə görə, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınıb və ya tanınmaması məsələsi hər ölkənin öz işidir. “İstəyirik ki, Qarabağ məsələsi orada yaşayan xalq tərəfindən kənardan müdaxilələr olmadan həll edilsin”, - deyə R.Ovannesyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın tanınmaması ilə bağlı sualı rəsmi İrəvana ünvanlamaq lazımdır.
“Ermənistanın hansı səbəbdən Dağlıq Qarabağın müstəqilliyini tanımaması ilə bağlı sualı siz ilk növbədə rəsmi İrəvana ünvanlamalısnız. Deyə bilərəm ki, indiyədək biz Qarabağı de-fakto tanımışıq. Düşünürəm ki, seçkilərdən sonra (2013-cü ildə keçiriləcək prezident seçkiləri – İF-Az) biz onu de-yure tanıyacağıq”, - deyə R.Ovannesyan bildirib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.