Azərbaycanın növbəti qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahısına daxil ediləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev cümə axşamı jurnalistlərə bəyan edib.
“Hazırda biz lazımi tədbirlər həyata keçiririk və yaxın zamanda Azərbaycanın növbəti qeyri-maddi mədəni irs nümunəsinin UNESCO-nun siyahısına daxil ediləcəyi gözlənilir”, - deyə Ə.Qarayev Azərbaycan və UNESCO arasında mədəni əməkdaşlığın 20 illiyinə həsr olunan tədbir çərçivəsində bildirib.
Onun sözlərinə görə, UNESCO ilə əməkdaşlıq sahəsində Azərbaycan layiqli yerini tutur. “Zəngin mədəni irsə və istedadlı gənclərə malik olan Azərbaycan müxtəlif layihələrin reallaşdırılması təşəbbüsü ilə çıxış edir”, - deyə nazir vurğulayıb.
O həmçinin qeyd edib ki, Azərbaycan UNESCO-nun reallaşdırdığı bir sıra uğurlu layihələrin iştirakçısıdır. “Ümumilikdə, əməkdaşlıq uğurla davam edir. Mədəni əməkdaşlıqdan başqa, Azərbaycan və UNESCO digər humanitar sahələrdə birgə iş aparır”, - deyə o bildirib.
“Azərbaycan” deyəndə insanların fikrinə malik olduğumuz zəngin mədəni irs gəlir. Xüsusilə, aşıq sənəti və muğam”, - deyə UNESCO-nun Azəbaycandakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan özünü ciddi və etibarlı tərəfdaş kimi təqdim edib.
Tədbirdə çıxış edən UNESCO-nun Moskva ofisinin nümayəndəsi Alla Ampar bildirib ki, əməkdaşlıq illəri ərzində təşkilat Azərbaycanın etibarlı tərəfdaş və layihələrin reallaşmasında fəal iştirakçı olduğuna əmin olub. “Bu məsələdə əməkdaşlığa xüsusi diqqət yetirən ölkə rəhbərliyinin dəstəyi böyük rol oynayır”, - deyə o bildirib.