Dağlıq Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının yekun qətnaməsində prioritet məsələlər siyahısına daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qətnamə Avrasiya İslam Şurasının “Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü” adı altında İstanbulda keçirilən VIII Zirvə Toplantısında qəbul edilib. Zirvə Toplantısının işində 30 ölkənin 100-dən çox dini təsisatının rəhbəri iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi sənədin 1-ci maddəsində öz əksini tapıb.
“Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən vəzifənin yerinə yetirilməsi, bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özümüzə vəzifə olaraq görürük. Bu mövzudakı məsuliyyət təkcə siyasətçilərin deyil, eyni zamanda sağlam vicdana sahib olan hər kəsin üzərinə düşür”, - deyə E.İskəndərov bildirib.
O, bütün dünya ictimaiyyətini bu məsuliyyətdən irəli gələn addımları atmağa çağırıb.
“2012-ci il noyabrın 21-də Qəzzada əldə olunan atəşkəsin davamlı bir sülhə çevrilməsini diləyirik”, - deyə komitə sədri söyləyib.
“Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini Şuranın Suriya və Fələstin kimi “qaynar nöqtələr”lə bir sıraya qoyması faktı sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi Avrasiya İslam Şurası üçün prioritetdir", - deyə E.İskəndərov qeyd edib.