Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyət daşıyır və Rusiya Federasiyası üçün həssas məsələdir. Bu barədə “Yedinaya Rossiya” Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov cümə günü jurnalistlərə bəyan edib.
“Bu məsələdə konsesus axtarmaq lazımdır. Rusiya hesab edir ki, bu obyekt həmçinin Azərbaycana da kömək edir, çünki ümumi təhlükəsizliyin əsasıdır”, - deyə o bildirib.
“Bu münasibətləri müəyyən şərtlərlə davam etmək arzusu mövcuddur. Biz hazırda bu şərtlərin nədən ibarət olduğunu müzakirə edirik. Birinci - siyasi, ikinci - hərbi-texniki, üçüncü - məsələnin maddi tərəfidir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu təmas nöqtələri arasında qızıl məxrəc mövcuddur. Qısa zaman ərzində tərəflər bu məxrəcə çatmaq niyyətindədirlər.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
RF müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiya tərəfindən Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəlib.
Lakin, tərəflər hələlik icarə haqqı məsələlərinə dair vahid fikrə gəlməyiblər. Bir sıra Rusiya mətbuatının məlumatına əsasən, Azərbaycan ilkin olaraq Rusiya tərəfindən illik $15 mln. istəyib, sonra icarə haqqını $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.