Cümə günü Azərbaycan və Litva Xarici İşlər Nazirliklərinin nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Litva nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti idarəsinin rəisi Edminas Baqdonas başçılıq edib.
Görüş iştirakçıları Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsini qeyd ediblər.
X.Xələfov Litva nümayəndə heyətinin ölkəmizə səfərinin iki dövlət arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.
Azərbaycanın Avropa institutlarına inteqrasiyasını prioritet olduğunu deyən nazir müavini, ölkəmizin Litva, o cümlədən Avropa Birliyi üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu qonaqların diqqətinə çatdırıb.
X.Xələfov qonaqlara Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat verib və Avropa Birliyinin münaqişə ilə bağlı daha konkret mövqe nümayiş etdirməsinin vacibliyini xüsusi qeyd edib.
O həmçinin bildirib ki, münaqişənin həlli regionda stabilliyə təsir edir.
E.Baqdonas öz növbəsində Azərbaycanda müşahidə etdiyi inkişafın işlərinin onda xoş təəssürat yaratdığını bildirib. Qonaq həmçinin qeyd edib ki, 2013-cü ilin ortalarından etibarən Avropa Birliyinə sədrlik edəcək.
Litva nümayəndəsi həmçinin bəyan edib ki, ölkəsi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində proqrama üzv ölkələrlə, o cümlədən Azərbaycanla daha effektiv əməkdaşlıq edəcək.