Azərbaycan qarşıda duran məsələləri həll etmək üçün BMT-nin potensialından istifadə etməkdə davam edəcək. Bu ilk növbədə Qarabağ probleminin həllinə aiddir. Bu barədə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, BMT yanında keçmiş xüsusi nümayəndə Yaşar Əliyev bəyan edib.
“Əminəm ki, biz gələcəkdə də BMT çərçivəsində uğurlar əldə edəcəyik”, - deyə Y.Əliyev cümə günü “Azərbaycan-BMT: 20 illik əməkdaşlıq və gələcək perspektivlər” adlı tədbirdə bildirib.
Öncə o iştirakçılara BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair ilkin qətnamələrin qəbul edilməsi tarixi barədə məlumat verib.
“BMT-də qərarlarımız qəbul edilən zaman erməni tərəfinin müqavimətini nəzərə alaraq biz anlayırdıq ki, düz yoldayıq”, - deyə Y.Əliyev bildirib.
O ölkənin çətin vaxtlarında azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsində BMT-nin xidmətlərini xüsusi qeyd edib.
“Biz heç zaman BMT-nin köməyini yaddan çıxarmayacağıq. Bu gün Azərbaycan özü də donor ölkə qismində çıxış edir”, - deyə o respublikanın Somali, Pakistan, Əfqanıstan və bir sıra digər ölkələrə humanitar yardım göstərdiyini xatırladıb.
“BMT Azərbaycan üçün ən vacib təşkilatlardan biridir”, - deyə ADA-nın rektoru Hafiz Paşayev öz növbəsində qeyd edib. O BMT-nin Azərbaycandakı əlaqələndirici rezidenti Antonio Brukun fəaliyyətinin uğurlu olacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, fəaliyyətiniz uğurlu olacaq. Siz bizə BMT-də daha yaxşı təqdim edilməyimizə kömək edəcəksiniz və mövcud problemlərin həllinə imkan yaradacaqsınız”, - deyə H.Paşayev bildirib.
“Əgər BMT-yə üzvlüyün ilk illərində Azərbaycanın hansı çətinliklərlə qarşılaşdığını yadımıza salsaq, həmçinin böyük sayda qaçqınları nəzərə alaraq, o zaman ötən 20 il ərzində respublikanın heyrətləndirici yol keçdiyinin şahidi olarıq”, - deyə A.Bruk bildirib.
O Azərbaycan hökumətinin yoxsulluğun azalması və ölkənin regionlarının inkişafı, qaçqınların vəziyyətinin yaxşılaşmasına yönələn addımlarını alqışlayıb.