Qətərin paytaxtında BMT-nin iqlim dəyişikliklərinə həsr olunmuş 18-ci konfransı açılıb. Bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir.
İki həftə davam edəcək konfransda 200-ə yaxın ölkədən təxminən 17 min nümayəndə iştirak edir.
Gözlənildiyi kimi, parnik qazlarının tullanmasının tənzimlənməsi problemi, xüsusilə Kioto protokolunun qüvvədə olma müddətinin gələn il uzadılması mümkünlüyü əsas müzakirə mövzusu olacaq.
"Əl-Cəzirə" telekanalı qeyd edir ki, konfransın keçirilmə yeri bir çoxlarında təəccüb doğurub. Məsələ ondadır ki, atmosferə buraxılan karbon qazının (adambaşına) ən yüksək göstəricilərindən biri Qətərdə qeydə alınıb.