SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ildə “Ümid” yatağında yeni quyunun qazılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasından öncə jurnalistlərə məlumat verib.
“Hazırda quyunun qazılması 2550 metr təşkil edir. Qazma işlərini gələn ilin birinci yarısında başa çatdırmağa ümid edirik”, - deyə X.Yusifzadə bildirib.
Xəbər verildiyi kimi, yeni quyunun dərinliyi 6500 metr, sutkalıq debit – təxminən 1 mln. kubmetr qaz təşkil edəcək.
X.Yusifzadənin sözlərinə görə, hazırda bu yatağda bir quyudan sutkada 800 min kubmetr qaz və 140 ton kondensat hasil edilir.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində yerləşir. Yatağın ehtiyatları minimum 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.